Aqrar Sığorta Fondu əkin sahələri və heyvandarlıq təsərrüfatlarının sığortalanması sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.
«Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta» mövzusunda keçirilən növbəti tədbir Aqrar Sığorta Fondu və Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə fermerlərə aqrar sığorta, onun üstünlükləri, sığorta ödənişləri ilə bağlı geniş məlumat verilib.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov bildirib ki, aqrar sığorta dövlətin fermerlər üçün güzəştli şərtlərlə tətbiq etdiyi mühüm dəstək alətidir.
Hazırda aqrar sığorta ilə əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını və balıqçılıq təsərrüfatlarını sığorta etmək olar. Aqrar sığorta vasitəsilə təsərrüfatları dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri, eləcə də bitki xəstəlikləri və zərərvericilərdən sığorta etmək mümkündür. Fermerlərə dəstək üçün sığorta haqqının 50%-ni dövlət ödəyir.
Saatlı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elnur Cəbrayılov son illər baş verən təbii fəlakətlər və onların təsərrüfatlara vurduğu zərər barədə danışaraq fermerləri aqrar sığortadan faydalanmağa, öz əkin sahələrini vaxtında sığorta etməyə çağırıb.
Tədbirdə aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların sığortalanması, hadisə baş verərkən ödəniş prosesinin detalları ilə bağlı geniş məlumat verilib.
Bildirilib ki, Saatlı rayonunun daxil olduğu Mil Muğan iqtisadi rayonunda 1000 manatlıq buğda məhsulunun sığortalanması 7 manat, 1000 manatlıq nar məhsulunun sığortalanması 8 manat, eyni məbləğdə badamın sığortalanması isə 15 manata başa gəlir. Meyvə bağlarının sahibləri öz bağlarında məhsulları ilə yanaşı, cüzi məbləğ ödəməklə ağac və kolları ayrıca sığorta edə bilərlər. Əlavə olaraq cüzi məbləğ ödəməklə meyvələri və sair bitkiləri şaxtavurmadan və dolu nəticəsində keyfiyyət itirilməsindən də sığorta etmək olar.
Görüşdə heyvanların sığortasıyla da bağlı ətraflı məlumat verilib, bildirilib ki, 1000 manatlıq inəyi 31-45 manata, 300 manatlıq qoyunu və ya keçini isə 9-12 manata sığorta etmək olar. Aqrar sığorta heyvanları yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli ot, yem və kimyəvi maddələrin təsirindən zəhərlənmə, təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu), yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və oğurluq risklərindən qoruyur.
Tədbirdə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yaradılmış «Bitkiçilik kalkulyatoru» və «Heyvandarlıq kalkulyatoru» nümayiş etdirilib.
Müzakirələr zamanı fermerlər aqrar sığorta ilə bağlı sual və təkliflərini səsləndiriblər.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Yevlaxda vətəndaşları qəbul edib
Fermerlərə dəstəklə bağlı tədbir keçirilib
9-10 dekabr tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Xırdabuynuzlu heyvanların çiçək xəstəliyinin əlamətləri və bu xəstəliyə qarşı mübarizə tədbirləri